03.09.2021. Press Reliz
Son günlər “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatının bir qrup müştərisi onlara aid olan kredit öhdəliklərinin ödənişlərindən yayınmaq məqsədi ilə Şirkətə qarşı böhtan xarakterli kampaniyaya başlamışlar. Bunun üçün onlar müxtəlif qurumlara, o cümlədən kütləvi informasiya vasitələrinə müraciət edərək şirkətə və onun rəhbərliyinə qarşı iftira xarakterli məlumatlar yaymağa cəhd göstərirlər. Şirkətimiz tərəfindən bu cür addımlar məqsədyönlü şəkildə təşkilatımızın işgüzar nüfuzuna xələl gətirərək, şantaj yolu ilə kredit borclarının bağışlanmasına nail olmaq cəhdləri kimi qiymətləndirilir. Finex Kredit BOKT ASC bütün fəaliyyəti dövründə öz işini mövcud qanunvericiliyə uyğun, şəffaf idarəetmə prinsiplərinə əsasən qurmuşdur və müştəri məmnunluğunun, kredit resurslarının əlçatanlığının təmin edilməsi istiqamətində hər zaman davamlı səylər göstərmişdir. Qeyd olunan məsələ ilə bağlı hər hansı fakt aydınlaşdırılmasına ehtiyac duyularsa və yaxud suallar yaranarsa “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı ilə əlaqə saxlanılması xahiş olunur. Həmçinin onu da bəyan edirik ki, bu kimi məsələlər şirkətin imicinə birbaşa təsir etdiyindən gələcəkdə şirkətin fəaliyyəti haqqında qərəzli və yoxlanılmamış məlumatlar dərc edildikdə, təşkilatımızın işgüzar nüfuzunu qorumaq məqsədilə məsələnin hüquqi müstəvidə həll edilməsi istiqamətində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.